Azərbaycanın multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Sinay Məbədinin yəhudi icmasının nümayəndə heyəti ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
K.Abdulla qonaqlara məlumat verib ki, ölkə rəhbərliyinin qayğı və diqqəti bütün dini konfessiyaların nümayəndələrinə münasibətdə özünü büruzə verir.
“Burada müxtəlif xalqların və dinlərin nümayəndələri yaşayır”, - deyə dövlət müşaviri əlavə edib.
K.Abdulla amerikalı qonaqlara Qubada ziyarət etdikləri Soyqırım Memorialını xatırladarq qeyd edib ki, erməni millətçiləri və bolşeviklərin törətdiyi soyqırımları təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda burada yaşayan yəhudilər, ruslar və başqa millətlərə qarşı da törədilıb.
“Bu gün Azərbaycan bütövlükdə bir ailə kimi öz əzablı və ləyaqətli keçmişinə arxalanaraq inamla irəliyə addımlayır”, - deyə K.Abdulla bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan multikulturalizmi xalqa tarixən xas keyfiyyətdir.
“Hələ orta əsrlərdən başlayaraq, XII əsr klassiklərinin əsərlərində də Azərbaycan multikulturalizminə geniş yer ayrılıb”, - deyə o, bildirib. Bununla yanaşı, K.Abdulla əlavə edib ki, belə bir tolerantlıq Azərbaycan ərazisində sağlam mənəvi mühitin göstəricisidir.
Öz növbəsində qonaqlar Azərbaycanla bağlı xoş təəssüratlarını dilə gətiriblər. Görüşdə həmçinin qeyd edilib ki, Azərbaycanın bir dövlət, xalq olaraq möhkəmliyi, sabitliyinin səbəbi bu ölkənin ərazisində çoxlu konfessiyaların, etnik və dini qrupların min illərdir dinc, yanaşı, qardaşcasına yaşamasıdır.
A.Zeydullayeva