Yaponiyanın "Sony" korporasiyası 2016-cı ilin aprel ayına qədər Azərbaycanda satış nöqtələrinin sayını 3 qat artıraraq 18-ə çatdırmaq istəyir. Bu barədə “Sony Middle East”in marketinq üzrə rəhbəri Satoru Arai çərşənbə axşamı Bakıda mətbuat konfransında məlumat verib.
““Sony” Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir. Bakının işgüzar potensialı “Sony” şirkəti üçün yaxşı perspektivlər nümayiş etdirir, buna görə də bu bazarla bağlı böyük planlarımız var. Biz burada daha çox çeşiddə məhsulumuzu təqdim etməkdə maraqlıyıq”, - deyə o qeyd edib.
S.Arai bildirib ki, hazırda “Sony” şirkətinin məhsulları “Music Gallery”, “Baku Electronics”, “Sony Centre (Unitech)” və “Kontakt Electronics” kimi pərakəndə şəbəkələrdə təqdim edilir.
O, həmçinin qeyd edib ki, “Sony” paytaxt mağazalarında gələcək məhsullarının konseptini nümayiş etdirməyi, müştərilərə xidmətin keyfiyyətini yüksəltməyi və yeni xidmətlər təqdim etməyi planlaşdırır.
Tədbir çərçivəsində yeni Xı prosessorlu BRAVIA 4K LCD X9005C televizorları və yüksək imkanlara malik yeni audio məhsulları satışa çıxarılıb.
N.Abbasova