Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Parisdə YUNESKO-nun baş direktorunun müavini Qian Tanq ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş M.Cabbarovun Fransa Respublikasına işgüzar səfəri çərçivəsində baş tutub.
Nazir Azərbaycan-YUNESKO əlaqələrinin müsbət istiqamətdə inkişafı və bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidentiMehriban Əliyevanın rolunu vurğulayıb.
O, ölkə prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar haqqında məlumat verib.
Görüşdə Azərbaycan ilə YUNESKO arasında təhsil sahəsində əlaqələrin inkişafı prosesi müzakirə olunub. Təhsil naziri YUNESKO-nun baş direktorunun müavini Qian Tanqı ölkəmizə səfərə dəvət edib.
Həmin gün M.Cabbarov Fransanın Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Elm və Sənaye Muzeyinə baş çəkib, elmin təbliği məqsədi ilə təşkil edilən sərgilərlə tanış olub.
A.Zeydullayeva