Prezident İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Prezidentə Şəki-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Şəki-Qax avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və respublikanın ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir.
Uzunluğu 35 kilometr olan yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri isə Qax rayonunun ərazisinə düşür. Bu avtomobil yolu Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, hazırda istifadə olunan 77 kilometrlik məsafənin 42 kilometr qısalmasına imkan verir. Yolun əsas üstünlüyü isə onun 39 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini əhatə etməsidir.
Diqqətə çatdırılıb ki, yenidənqurma işləri zamanı yol üzərində 20 körpü, uzunluğu 1074 metr olan suötürücü borular, 12 avtobus dayanacağı tikilib, 176 yol nişanı quraşdırılıb.
Prezident İ.Əliyev noyabrın 4-də Şəkiyə səfəri çərçivəsində Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində də iştirak edib.
840 şagird yerlik, 108 müəllimin çalışdığı Qoxmuq kənd tam orta məktəbində 42 sinif otağı yaradılıb.
Hazırda Şəki rayonunda 97 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir və həmin məktəblərdə 24 minə yaxın şagird təhsil alır.
R.Babayev