Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilər seçicilərin yüksək fəallığı və bütün demokratik normalara uyğun şəkildə keçirilib. Bu sözləri ölkə prezidenti İlham Əliyev deyib.
“Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir, sabitlik möhkəmlənir , xalq və hakimiyyət arasındakı birlik daha da güclənir, sonuncu parlament seçkiləri bunu bir daha sübut etdi. İlk növbədə qeyd etmək istəyirəm ki, parlament seçkiləri yüksək aktivliklə müşahidə olunub və demokratik normalar təmin edilib”,- deyə İ.Əliyev çərşənbə günü Zaqatala şəhərinin sakinləri ilə görüş zamanı bildirib.
“Ədalətli və şəffaf seçkilər Azərbaycanın demokratik inkişafa sadiq olduğunu bir daha nümayiş etdirdi”,- deyə o əlavə edib.
Prezidentin sözlərinə görə, seçkiləri 500-dən çox xarici və 10 minlərlə yerli müşahidəçi izləyib. Onların hamısı qeyd ediblər ki, seçkilər yüksək səviyyədə keçirilib və bu nəticə Azərbaycan xalqının iradəsini əks etdirib.
“Bu, xalqın dövlətin siyasi kursuna dəstəyini nümayiş etdirən çox böyük nailiyyət və uğurdur. Biz gələcəkdə də əhalinin etimadını doğrultmağa, ölkədə aparılan prosesləri sürətləndirməyə çalışmalıyıq ki, heç bir sosial problem qalmasın”, - deyə İ.Əliyev qeyd edib. Onun sözlərinə görə, son illər bu istiqamətdə böyük işlər görülür.
MSK-nın ilkin məlumatına əsasən hakim Yeni Azərbaycan Partiyası 125 deputat mandatından 69-na sahib olaraq seçkilərdə qələbə qazanıb.