Gürcüstanın keçmiş baş naziri Bdzina İvanişvili ermənilərin məkrlərini unutmamaq üçün öz ölkəsinin tarixini öyrənməlidir. Bu barədə Gürcüstanda çıxan “Gürcüstan və dünya” qəzetində dərc edilmiş məqalənin müəllifi yazır.
Müəllif oktyabrın 31-də B.İvanişvilinin Tbilisidə erməni kilsəsinin açılış mərasimində söylədiyi nitqi tənqid edib. O bəyan edib ki, gürcülər və ermənilər arasında mübahisə “çox xoşdur”, çünki onlar “hansı mədəniyyətin hansı abidəsinin kimə məxsus olması” barədə mübahisə edirlər.
Məqalədə vurğulanır ki, bu qısa bəyanatdan göründüyü kimi, keçmiş baş nazirin Gürcüstanın tarixi və gürcü-erməni münasibətləri barədə məlumatlı olmadığı bəlli olur. “Hətta uzun əsrlər boyu ermənilərin nankorluğu, xəyanəti və Gürcüstanda hökumətə qarşı fəaliyyətləri, Cavaxetiyaya iddiaları və s. nəzərə almasaq, görünür, cənab Bdzina ermənilərin Gürcüstanın qədim torpaqlarına, həmçinin guya ermənilərin inşa etdikləri və onlara məxsus olan 442 kilsəyə (Ermənistanda olduğundan daha artıq sayda) iddiaları barədə məlumatı yoxdur”.
Sonra müəllif İvanişvilinin “Gürcüstanın tarixi ilə dost olmamasına” diqqəti yönəldərək ona alim İlya Çavçavadzenin 1899-cu ildə yazdığı “Erməni alimləri və fəryad edən daşlar” kitabından parçalar təqdim edir.
“Əgər sizin qrafikiniz gərgindisə və İlya Çavçavadzeni oxumağa vaxtınız yoxdursa, müşavirlərinizdən onu oxumağı xahiş edin!”, - deyə müəllif keçmiş baş nazirə çağırış edib.
F.Hüseynzadə