Azərbaycanda peşəkar hərbi jurnalistlərin hazırlanması informasiya təhlükəsizliyinə əhəmiyyətli töhfə verə bilər. Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev belə hesab edir.
“Müdafiə Nazirliyi hərbi jurnalistlərin hazırlanması məsələsini nəzərdən keçirəcək ”,- deyə R.Əliyev bu gün “Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübi öyrədilməsi”” mövzusunda xüsusi kursların açılış mərasimində bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
O qeyd edib ki, informasiya müharibəsi kimi bir anlayış var və KİV-lər bu müharibədə rəqiblərinə qarşı dayanmağı bacarmalıdırlar.
“Hərbçi kimi deyə bilərəm ki, bəzən sözün gücü silahın gücündən çox olur. Əgər sabah müharibə başlasa, müharibəyə yalnız biz deyil, düşmən təbliğatına qarşı dayanmalı olan siz jurnalistlər də qatılacaqsınız”,- deyə general-mayor bildirib.
O, xüsusilə qeyd edib ki, hər bir Azərbaycan vətəndaşının yalnız bir məqsədi olmalıdır - Vətəni qorumaq!
“Mənim fikrimcə, təkcə hərbçilər vətənpərvər və vətənin müdafiəçisi deyil, fəaliyyət sahəsindən asılı olmayaraq hər bir ölkə vətəndaşı vətənini qorumalıdır”,- deyə R.Əliyev qeyd edib.
Öz növbəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov peşəkar hərbi jurnalistlərin hazırlanması məsələsi ilə ciddi məşğul olmağı təklif edib.
Onun sözlərinə görə, hərbi jurnalistlərin hazırlığı informasiya təhlükəsizliyinə əhəmiyyətli töhfə verə bilər.
F.İsazadə