Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) sığorta şirkətlərindən şikayət prosedurlarının sadələşdirilməsinə yönəlmiş təkliflər paketi hazırlayacaq. Bu barədə ASA-nın məlumatında deyilir.
ASA-nın Hüquq Komitəsinin iclasında sığorta şirkətlərindən şikayət prosedurları üzrə qanunvericiliyə düzəlişlər edilməsinə dair təkliflərin hazırlanması, sığortaçıların və sığorta vasitəçilərinin davranış məcəlləsinin hazırlanması müzakirə olunub.
Müzakirələrin yekunları üzrə bu istiqamətdə təkliflərin hazırlanması üçün işçi qruplarının yaradılması qərara alınıb, işçi qruplarına 10 gün müddətində sözügedən mövzulara dair təkliflər hazırlayaraq komitəyə təqdim etmələri tapşırılıb.
İclasda həmçinin “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında” qanunlara və Mülki Məcəllənin 50-ci fəslinə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin 1 həftə müddətində hazırlanaraq komitəyə təqdim olunması qərarı qəbul olunub.
Məlumatda qeyd edilir ki, qəbul olunan qərarlar əsasında görüləcək işlər Hüquq Komitəsinin 2 həftə sonra təşkil olunacaq iclasında yenidən müzakirə olunacaq.
ASA 2006-cı ilin dekabr ayında yaradılıb. ASA-nın yaradılmasında əsas məqsəd ölkənin sığorta bazarının inkişafının təmin edilməsi, həmçinin sığorta bazarının problemləri və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.
A. Əzizov