Aİ Azərbaycan və Gürcüstanın sərhəd regionlarının ərazi əməkdaşlığına 1,35 mln. avro ayıracaq. Bu barədə Aİ-nin Bakı nümayəndəliyindən məlumat verilib.
Məlumata əsasən, Ərazi Əməkdaşlığı Proqramının əsas xüsusiyyəti ondan ibarətdir ki, yalnız sərhəd regionları ərazisində qeydiyyatdan keçmiş təşkilatlar birgə şəkildə ərizə verə bilərlər. Beləliklə, hər bir ərizə Azərbaycan və Gürcüstan təşkilatları tərəfindən birlikdə hazırlanmalı və təqdim edilməlidir.
Qeyd edilir ki, təqdim edilmiş hər bir ərizə üçün qrantın məbləği 20000 avrodan 250000 avroya qədər təşkil edə bilər. Ərizələr 2015-ci il dekabrın 17-nə qədər qəbul ediləcək.
Layihələr çərçivəsində həyata keçiriləcək tədbirlər Azərbaycanda Gəncə-Qazax, Şəki-Zaqatala. Gürcüstanda isə Kaxeti, Kvemo-Kartli regionlarını əhatə etməlidir.
Azərbaycan və Gürcüstandakı ilkin araşdırmalar nəticəsində hər iki ölkə üçün aktual mövzular (yerli icmaların həyat şəraitinin yaxşılaşdırılması, turizm potensialı, kənd təsərrüfatı sahəsində sosial-iqtisadi inkişafa dəstək, ətraf mühitin mühafizəsi, məşğulluq, fövqəladə halların aradan qaldırılmasına hazırlıq sahələrində ümumi problemlərin həlli) aşkarlanıb. Proqram həmçinin mədəniyyət, təhsil, idman və gənclər arasında əlaqələrin inkişaf etdirilməsi sahələrini əhatə edir.
“Şərq Tərəfdaşlığı” ölkələrinin Ərazi Əməkdaşlığıı Proqramının məqsədi hər bir regionun xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan-Gürcüstan, Ermənistan-Gürcüstan, Belarus-Ukrayna, Moldova-Ukrayna arasında ərazi əməkdaşlığı üçün əlverişli şərait yaratmaq, eləcə də yerli və regional dövlət orqanlarının və vətəndaş cəmiyyəti təşkilatlarının ərazi əməkdaşlığı üzrə birgə transsərhəd layihələrinin işlənib hazırlanması və reallaşdırılması prosesində potensialını möhkəmləndirməkdən ibarətdir.
Aİ “Şərq Tərəfdaşlığı” ölkələrinin 4 ərazi əməkdaşlığı proqramının maliyyələşdirilməsinə 12,5 mln. avro ayırır.
F.İsazadə