Bütün münaqişələr, o cümlədən Gürcüstan və Azərbaycan ərazilərində baş vermiş münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Bu barədə Gürcüstanda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
Cümə axşamı Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə birgə mətbuat konfransında çıxışı zamanı Azərbaycanın dövlət başçısı xatırladıb ki, “uzun illərdir ki, Azərbaycanın əzəli, tarixi torpağı - Dağlıq Qarabağ və ətrafda yerləşən yeddi rayon işğal altındadır”.
“Əfsuslar olsun ki, bu münaqişə bu günə qədər həllini tapmayıb, baxmayaraq, bütün mötəbər beynəlxalq təşkilatlar bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qərar və qətnamələr qəbul etmişlər”, - deyə o qeyd edib.
İ.Əliyev bəyan edib ki, Gürcüstan və Azərbaycan ərazi bütövlüyü ilə bağlı məsələlər də daxil olmaqla, bütün məsələlərdə bir-birini dəstəkləyir. Bu vahid mövqe sayəsində beynəlxalq təşkilatlarda əməkdaşlıq üçün gözəl imkanlar yaranıb.