Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın çox zəngin və böyük qaz ehtiyatları vardır və bu ehtiyatlar uzun müddət həm daxili, həm də xarici bazarların qaz tələbatını ödəyə bilər.
"Bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, eyni zamanda, Avropa ölkələrini böyük həcmdə təbii qazla təmin edə biləcək”,- deyə İlham Əliyev noyabrın 5-də Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə təkbətək və daha sonra geniş tərkibli görüşdən sonra brifinqdə çıxışı zamanı bildirib.
Azərbaycan prezidentinin sözlərinə görə, keçirilən görüşlərdə geniş spektrdə məsələlər, o cümlədən enerji və nəqliyyat layihələri müzakirə olunub.
“Bu gün geniş tərkibdəki görüşdə məlumat verdim ki, bu yaxınlarda Azərbaycanda tranzit yüklərlə bağlı Koordinasiya Şurası yaradılıb. Biz çox istəyirik ki, Gürcüstan və Azərbaycan yükdaşıma sahəsində bir mövqedən çıxış etsinlər”, - deyə o söyləyib.
“Mən çox şadam ki, müzakirə olunan bütün məsələlərlə bağlı bizim heç bir fikir ayrılığımız yoxdur. Biz dostuq, qardaşıq. Mənim uğurlu səfərim bizim gələcək dinamik əməkdaşlığımız üçün də gözəl bir addımdır”,- deyə İ.Əliyev əlavə edib.
Dövlət başçısı qeyd edib ki, Gürcüstan tranzit dəhlizində sadiq tərəfdaşıdr, o, özünü çətin məqamlarda dəfələrlə sübut edib.
“Bizim iqtisadi sahədə çox uğurlu əməkdaşlığımız var. Çox istəyirik ki, ticarət dövriyyəsi daha da artsın və əlbəttə, qarşılıqlı maraq kifayət qədər böyükdür. Azərbaycan Gürcüstana böyük həcmdə sərmayə qoyur. Gürcüstan sərmayə qoyuluşu üçün çox cazibədar ölkədir. Sizin ölkənizdə çox gözəl sərmayə iqlimi yaradılıb”,- deyə o vurğulayıb.
Öz növbəsində Gürcüstan prezidenti qeyd edib ki, Gürcüstan Xəzər dənizi ilə Qara dənizi birləşdirə ölkədir. “Gürcüstan Avropa ilə Asiya arasında qapı olub və olmaqdadır. Biz Azərbaycanla bu istiqamətdə münasibətlərimizi dərinləşdirməkdə maraqlıyıq”, - deyə G.Marqvelaşvili qeyd edib.