Sumqayıt Kimya Sənaye Parkı əczaçılıq məhsullarının istehsalının təşkili məqsədilə dünyada bu sahədə tanınmış şirkətlərlə danışıqlar aparır. Bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmi saytına verdiyi müsahibədə söyləyib.
“Qiymət fərqinin azalması üçün hər bir ölkə generik dərman vasitəsinin istehsalı və ya idxalı üçün zəruri tədbirlər həyata keçirir. Belə ki, generik dərman vasitəsi istehsalında ciddi irəliləyişlər əldə edildiyi təqdirdə orijinal dərman vasitəsinin qiymətlərinin kəskin endirilməsinə nail olmaq mümkündür. Bu baxımdan Azərbaycanda, o cümlədən Sumqayıt Kimya Sənaye Parkında əczaçılıq məhsullarının istehsalının təşkili məqsədilə dünyada bu sahədə tanınmış şirkətlərlə danışıqlar aparılır və bu istiqamətdə tədbirlər görülür”, - deyə İ.Məcidov qeyd edib.
“O zamana qədər isə daxili bazarın həm orijinal, həm də generik dərman vasitələri ilə etibarlı təchizatı baxımından istinad ölkələrində orijinal və generik dərman vasitələri arasındakı qiymət fərqi nəzərə alınmaqla ölkəmizdə də bu fərqin qorunması zəruridir. Müəyyən dərman vasitələrinin orijinalı və generiki arasındakı qiymət fərqi istinad ölkələrində az olduğu təqdirdə bu fərq Azərbaycanda da az, çox olduğu təqdirdə isə Azərbaycanda da çox olacaqdır. Qeyd edim ki, qiyməti təsdiq edilən dərman vasitələrinin 14 faizini orijinal dərman vasitələri təşkil edir”,- deyə o əlavə edib.
“Xəbər verildiyi kimi, Azərbaycanda sentyabrın 15-dən dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinə başlanılıb. Azərbaycanda qiymətlərin dövlət tərəfindən tənzimlənməsi ümumilikdə 4,5 mindən artıq adda dərman vasitəsini (20 mindən artıq dərman vasitəsi) əhatə edəcək. Tənzimləməyə, ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılmaqla, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Nazirliyin rəyinə əsasən, dövlət tərəfindən tənzimlənmə dərmanlara qiymətlərin mühüm dərəcədə ucuzlaşmasına imkan verəcək.
Tarif Şurası 9 iyun tarixindən etibarən dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər tərəfindən doldurulan qiymət tənzimlənməsi məqsədilə təsdiq edilmiş bəyannamə formalarının qəbuluna başlayıb.
Tarif Şurası “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” və bəyannamə formalarını təsdiq edib. Təlimat özündə dövlət qeydiyyatına alınmış dərman vasitələri üçün bazis qiymətlərin müəyyən edilməsi, həmin dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin hesablanması üsullarını ehtiva edir.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.
2015-ci ildə parkın ərazisində daxili və xarici infrastrukturun yaradılması prosesi başa çatacaq. Hazırda 4 şirkət parkın rezidentləridir.