Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Məsələlər və
Demokratiya Komitəsi tərəfindən “İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə gərginliyin artması” adlı məruzə nəinki Azərbaycan, həm də beynəlxalq qanunların təsir gücünün bərpası üçün mühüm əhəmiyyət kəsb edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bəyan edib.
“Bu cür məruzənin yaradılması, yazılması və qəbulu əlbəttə ki, Azərbaycan üçün son dərəcə mühümdür, lakin bu, nəinki Azərbaycan, həm də beynəlxalq qanunların səlahiyyətlərinin bərpası üçün çox vacibdir”, - deyə S.Səmədov noyabrın 4-də Parisdə AŞPA komitəsinin iclasında britaniyalı məruzəçi Robert Valterin hazırladığı “İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə
gərginliyin artması” adlı məruzənin qəbul olunmasını şərh edərkən bildirib.
Onun sözlərinə görə, prosedur qaydalarına əsasən, siyasi komitə tərəfindən qəbul edilən məruzə AŞPA-nın müzakirəsinə çıxarılır. “Robert Valterin məruzəsi noyabrın 4-də Parisdə müzakirə edilib və səs çoxluğu ilə qəbul olunaraq AŞPA-da müzakirəyə tövsiyə edilib. AŞPA-nın növbəti sessiyası yanvarda keçiriləcək, beləliklə, həmin məruzənin təşkilatın yanvar sessiyasında müzakirə olunması ehtimalı böyükdür”, - deyə S.Seyidov qeyd edib.
R.Babayev