Ermənistan tərəfi Bakı ilə Moskva arasında münasibətləri məqsədyönlü şəkildə pozmağa çalışır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bu yaxınlarda Ermənistan mətbuatında Rusiyaya məxsus yük maşınının Azərbaycan tərəfindn atəşə tutulması barədə yayılan məlumatı şərh edərkən bildirib.
“Ermənistanın bəzi kütləvi informasiya vasitələri dövlət sərhəddində Rusiyaya məxsus yük maşınının guya atəşə tutulması barədə gülünc, cəfəng məlumat tirajlayıblar. Görünür ki, son vaxtlar iflasa uğrayan erməni hərbi və təbliğat sistemi Azərbaycan və Rusiya münasibətlərinin mehriban dost, qonşu, tərəfdaşlıq çərçivəsində olmasından və ikitərəfli əlaqələrimizin yüksələn xətlə inkişaf etməsindən həmişə olduğu kimi yenə də narahatdır”, - deyə nazirliyin məlumatında deyilir.
“Erməni tərəfi dövlətlərimizin bu əlaqələrinə qısqanclıqla yanaşır, həsəd və qibtə hisslərini cilovlaya bilmədiklərindən məqsədyönlü surətdə törətdikləri hadisəni növbəti dəfə Azərbaycan tərəfinin üzərinə yıxmaqla guya öz aləmlərində bu münasibətlərə xələl gətirə biləcəklərini zənn edirlər”, - deyə məlumatda qeyd olunur.
Müdafiə Nazirliyi bəyabn edir ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən mülki sakinlər, qeyri-döyüş texnikası və obyektlərə heç vaxt atəş açılmayıb.
“Bu səbəbdən də yayılan məlumatların heç bir əsası yoxdur, yalandır və düşmən tərəfinin növbəti uğursuz təxribat cəhdidir”, - deyə nazirlik vurğulayıb.
R.Babayev