Azərbaycan gələcəkdə zəruri silah npvləti istehsal edə biləcək. Bu barədə prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda bəyan edib.
“Biz əlbəttə ki, müasir texnologiyalar alırıq. Onları aldıqca biz o texnologiya ilə tanış oluruq. Bizə lazım olan bütün növ silahları gələcəkdə özümüz istehsal edə bilərik. Heç olmasa o nümunələrdən istifadə edə bilərik”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident qeyd edib ki, artıq 10 ildir ki, Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Hazırda ölkədə mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir.
“Ordumuzun tələbatının böyük hissəsini Azərbaycan özü təmin edir. Xüsusilə nəzərə alsaq ki, biz müharibə şəraitindəyik, bu, tarixi nailiyyətdir. Lazım olan texnikanı, silahları bəzi hallarda əldə edə bilmirik. Bəzi hallarda embarqolar var. Onların heç bir əsası yoxdur. Amma bu, başqa məsələdir. Biz bunu bilirdik. Bu gün Azərbaycan Ordusunun əsas təminatı daxili istehsal sayəsində mümkündür”, - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, bu prosesdə azərbaycanlı alimlər iştirak edirlər.
“Amma daha da fəal iştirak etməlidirlər. Ona görə burada Azərbaycan alimlərinin fəaliyyəti üçün çox geniş bir meydan var. Azərbaycan dövləti də öz tərəfindən çalışacaq ki, alimləri bu işlərə daha da böyük dərəcədə cəlb etsin“, - deyə İ.Əliyev vurğulayıb.
R.Babayev