Azərbaycanın çox zəngin tarixi vardır. Ermənilərin Cənubi Qafqazda aborigen xalq olduqlarını iddia etdikləri bir vaxtda dünyadaAzərbaycanın zəngin tarixinin n təbliğatı üçün daha fəal səylər göstərilməlidir. Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxışı zamanı belə söyləyib.
“Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir”,- deyə dövlət başçısı bildirib.
“Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olubdur. Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. “Qarabağ”, “Xankəndi” Azərbaycan sözləridir. Mən dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı ermənilər o adı bərpa edərdilər. Onun “Stepanakert” adı bolşevik erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə qoyulubdur. Yəni, bunu biz hamımız bilirik, amma dünya da bilməlidir. Hər yerdə bilməlidirlər ki, bu, bizim torpağımızdır, bizim haqqımız var o torpaqda yaşamağa. Beynəlxalq hüquq təbii ki, bizim mövqeyimizi müdafiə edir. Ancaq bütün dünya ictimaiyyəti bilməlidir ki, təkcə beynəlxalq hüquqla məsələ məhdudlaşmır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülmüşlər. Hansı məqsədlə köçürülmüşlər biz bunu yaxşı bilirik. Bütün bunları biz gərək kitablar formasında daha da geniş şəkildə yayaq və beləliklə, bütün dünyaya sübut edək ki, bu, bizim tarixi, əzəli torpağımızdır”,- deyə prezident vurğulayıb.
“Hesab edirəm, vaxt gəlib çatıb ki, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər də yaradılsın. Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər”,- deyə dövlət başçısı nitqinin sonunda qeyd edib.
R.Babayev