Nizami Kino Mərkəzində növbəti sosial aksiya həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kino Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Nizami Kino Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Əlil və Qocalar Evinin sakinləri üçün dövlət sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ekranlaşdırılan “Axırıncı dayanacaq” bədii filminin nümayişini keçirib.
İronik komediya janrında çəkdiyi bu film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir.
Rollarda xalq artistləri Fuad Poladov, Zemfira Nərimanova, Ağaxan Salmanlı, Tariyel Qasımov, Arif Quliyev, əməkdar artistlər Zemfira Sadıxova, Tofiq Hüseynov və başqaları çəkiliblər.
Filmdən sonra Əlil və Qocalar evinin direktoru Rəhnumə Cəfərova və təşkilatçı –könüllülər Nigar Bayramlı və Nurcan Baxşiyeva qocalar evinin sakinləri və öz adlarından kinomərkəzin əməkdaşlarına təşəkkürlərini bildiriblər.
Öz növbəsində, kinomərkəzin əməkdaşları da belə tədbirlərin keçirilməsinə hər zaman dəstək olacaqlarını söyləyiblər.
A.Zeydullayeva