Heydər Əliyev Mərkəzində ali məktəb tələbələri arasında ənənəvi "Heydər Əliyev və Azərbaycan tarixi" adlı II ümumrespublika bilik yarışına start verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu il hər ali məktəbdən bir komanda olmaqla yarışda ümumilikdə 46 komanda mübarizə aparır. Hər komandada 6 əsas və 2 ehtiyat iştirakçı var
3 turdan ibarət yarışın hər turunda 12 sual səsləndiriləcək. Suallar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövləri ilə bağlı mövzuları əhatə edəcək. Qeyd edək ki, yarış ərəfəsində bütün komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub.
Bilik yarışında I, II və III yerləri qazanacaq komandalar Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyə və diplomlarla təltif olunacaqlar.
A.Zeydullayeva