Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev Koreyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunun etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Azərbaycanın Koreya ilə dostluq əlaqələrini genişləndirmək niyyətində olduğunu vurğulayan dövlət başçısı iki ölkə arasında inşaat və digər ənənəvi sahələrdən başqa əməkdaşlığımızın yeni istiqamətlərinin də mövcud olduğunu dedi.
Prezident əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolunu xüsusi qeyd etdi.
Qarşılıqlı sərmayə qoyuluşuna toxunan dövlət başçısı Azərbaycanın daha çox sayda Koreya şirkətlərinin ölkəmizdə fəaliyyət göstərməsində maraqlı olduğunu vurğulayaraq investisiya qoyuluşu üçün Azərbaycanda yaxşı imkanların olduğunu dedi.
Öz növbəsində Kim Çanq-gyu ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı Koreya və Azərbaycan rəhbərlərinin göstərişlərinin yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.
Görüşdə ölkələr arasında əməkdaşlığın sərmayə qoyuluşu, yüksək texnologiyalar, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
R.Babayev