Böyük Britaniyanın İxracın Maliyyələşdirilməsi Agentliyi Abşeron yarımadasında çirkab sutəmizləyici qurğuların və kanalizasiya kollektorlarının tikintisinə $800 mln. vəsait ayırmağa hazırdır. Bu barədə Azərbaycanın milli su operatoru olan “Azərsu” ASC-nin məlumatında bildirilir.
Məlumatda bildirilir ki, çərşənbə axşamı Bakıda “Azərsu” ASC ilə Böyük Britaniyanın “Biwater” və “Nobel Oil” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum “Biwater” və “Nobel Oil” şirkətləri tərəfindən “Lökbatan və Şüvəlan çirkab sutəmizləyici qurğuları” layihələri üzrə texniki-iqtisadi əsaslandırma və digər araşdırma işlərinin aparılmasını nəzərdə tutur.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov su təchizatı və kanalizasiya infrastrukturlarının dünya standartları səviyyəsində qurulması üçün ən yeni texnologiyalardan istifadə edildiyini xatırladaraq, çirkab sutəmizləyici qurğuların layihələndirilməsində Britaniya şirkətləri ilə əməkdaşlığın faydalı olacağını diqqətə çatdırıb.
“Çirkab sutəmizləyici qurğuların texniki iqtisadi əsaslandırılması sahəsində böyük təcrübəsi olan Biwater şirkəti ilə əməkdaşlığın geniş perspektivləri vardır. Lökbatan və Şüvəlanda təmizləyici qurğuların tikilməsilə Abşeron yarımadasında formalaşan tullantı suların əhəmiyyətli hissəsi bu qurğulara yönəldiləcəkdir. Bu layihələrin icrası zamanı tunel və mikrotunel tipli kanalizasiya kollektorlarının tikintisi də nəzərdə tutulur. Hesab edirəm ki, bu layihələrin böyük ekoloji faydası olacaq”,- deyə o bildirib.
Böyük Britaniyanın “Biwater” şirkəti dünyanın müxtəlif şəhərlərində genişmiqyaslı su və çirkab suları təmizləmə texnologiyalarını təqdim edir. Şirkət ölkədə hidrotexniki qurğularının layihələndirilməsi, tikintisi, istismarı və texniki xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir. Nobel Oil şirkəti isə Xəzər regionunda mühəndis-layihələndirmə, qazma və layihələrin idarə olunması, texniki və servis xidmətlərinin göstərilməsi, təchizat, satınalmalar və layların məhsuldarlığının artırılması xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşıb.
Mənzil qərargahı Londonda yerləşən “Nobel Oil” şirkəti qazma , geofiziki və geoloji işlər üçün neft qaz avadanlığının tədarükü, quyuların təmiri, hasilat, karbohidrogen xammalının emalı vəı nəqli ilə məşğul olur.
N.Abbasova