Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qızılca kəndində orta məktəb, kənd və xidmət mərkəzlərinin yeni binaları istifadəyə verilib. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.
Mərasimdə çıxış edən Ali Məclisin sədri qeyd edib ki, məktəb qarşısında duran əsas vəzifə gələcək üçün savadlı və əsl vətəndaşlar tərbiyə etməkdən ibarətdir.
O məktəbin bundan sonra da təhsilli, vətənpərvər gənclər yetişdirəcəyinə ümidvar olduğunu bildirərək, əldə olunan uğurlara görə məktəb kollektivinə təşəkkürünü bildirib.
3 mərtəbəli tam orta məktəb binasında 12 sinif otağı var. Siniflərdən 3-də elektron lövhə quraşdırılıb, Məktəbin həmçinin hər bir avadanlıqla təmin edilmiş kimya, biologiya və fizika, şahmat sinifləri, hərbi kabineti, internetə qoşulmuş 11 kompüterdən ibarət kompüter sinifi, kitabxana, geniş idman zalı və bufeti var. Məktəbin həyətində abadlıq işləri aparılıb.
İkimərtəbəli kənd mərkəzinin binasında 384 nömrəyə xidmət göstərən ATS, polis sahə məntəqsi, kitabxana, Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatı, kənd bələdiyyəsi və mədəniyyət evi yerləşir.
Xidmət mərkəzində isə ərzaq və sənaye mallarının satışı üzrə mağaza, həmçinin bərbərxana fəaliyyət göstərir.
Q.Hüseynova