Azərbaycan iqtisadiyyatına Almaniya tərəfindən investisiya qoyuluşları $475,5 mln., həmçinin qeyri-neft sektoruna $345,2 mln. təşkil edib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev Berlin şəhərində Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 5-ci iclasında bəya edib.
“Bu gün Azərbaycanda 183 alman şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən əsas kapitala $475,5 mln., o cümlədən qeyri-neft sektoruna $345,2 mln. həcmində investisiya qoyulub. Almaniya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı kimi də fəal iştirak edirlər”, - deyə S.Vəliyev bldirib.
Onun sözlərinə görə, 2013-cü illə müqayisədə 2014-cü ildə ticarət dövriyyəsi 21% artıb.
Bununla belə, S.Vəliyev bəzi alman şirkət və təşkilatlarının Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətinə diqqəti çəkib və onların qanunsuz fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinin zəruriliyi vurğulayıb.
Almaniya Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franz bəzi alman şirkət və təşkilatlarının işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyəti məsələsinin araşdırılacağını qeyd edib.
Tərəflər investisiya, sənaye, kənd təsərrüfatı, təhsil, ölkəmizdə yaradılan sənaye parklarında Almaniya şirkətlərinin iştirakı imkanları, neft-qaz, enerji səmərəliliyi və bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, tvinninq layihələrinin icrası və digər sahələrdə ölkələr arasında əməkdaşlıq imkanlarının mövcud olduğunu vurğulayıblar.
Ticarət və İnvestisiyalar üzrə Azərbaycan - Almaniya Yüksək Səviyyəli İşçi Qrupu Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal İqtisadi Məsələlər və Enerji Nazirliyi arasında 2011-ci ildə imzalanmış Memoranduma əsasən yaradılıb.
A.Axundov