SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ilin dekabr ayına qədər “Neft Daşları” yatağında 602A nömrəli stasionar dəniz özülünü istifadəyə verəcək. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Xəbər verildiyi kimi, “Neftqaztikinti” Tresti tərəfindən ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neft Daşları” yatağında quraşdırılması nəzərdə tutulan yeni 602A nömrəli stasionar dəniz özülünün inşası başa çatmaq üzrədir.
“Özülün dayaq blokları, aralıq seksiyaları, minik və yanalma meydançaları, piyada körpüləri, qülləaltı postamentlər, eləcə də özülüstü metal-konstruksiyalar quraşdırılmışdır. Hazırda yaşayış blokunun alt konstruksiyasının inşası uğurla davam etdirilir. Noyabr ayının sonunda özülün istismara verilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd edilir.
Özül 14 quyunun qazılması üçün nəzərdə tutulacaq, quyuların hər birindən sutkada 10 ton neft hasil olunacağı gözlənilir
“Neft Daşları” yatağı 1949-cu ildən etibarən işlənir.
N.Abbasova