Bu gün Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broeki “Tərəqqi” medalı ilə təltif edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Prezident Azərbaycanda diplomatik missiyası başa çatan Antonius Broekin ölkəmizdəki uğurlu diplomatik fəaliyyətini yüksək qiymətləndirib. Dövlət başçısı Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 70 illik yubileyi münasibətilə, BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə onun Azərbaycanın yüksək medalı olan “Tərəqqi” medalı ilə təltif edildiyini bildirib.
Ölkəmiz ilə BMT arasında əməkdaşlığa toxunan prezident İlham Əliyev tərəfdaşlığımızın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə həyata keçirilməsindən məmnunluğunu ifadə edib.
Azərbaycanın “Tərəqqi” medalına layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirən BMT-nin rezident əlaqələndiricisi Antonius Broek bunu onların fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik ifadə olunub.
R. Babayev