Çərşənbə günü Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yardımlı rayonunda fəaliyyət göstərən 67 sahibkara 563,5 min manat ümumi məbləğdə güzəştli kreditin verilməsini təşkil edib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd edilir.
„Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq“, - deyə məlumatda vurğulanır.
İndiyədək Yardımlı rayonundan olan 303 sahibkara 2,5 mln. manat güzəştli kredit verilib. Bu da 650-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verib. Ümumilikdə isə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2,697 min investisiya layihəsinin maliyyələşdirilməsinə 103,9 mln. manat güzəştli kredit verilib, bu da 11 mindən çox yeni iş yerinin açılması imkanı yaradıb.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 60 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 220 mln. manat məbləğində güzəştli kredit veriləcək.
A.Axundov