“SOCAR Fugro LLC” MMC Heydər Əliyev adına Neft Emalı Zavodunda və onun kənar sahələrində infrastrukturun layihələndirilməsi üçün müəyyən topoqrafik tədqiqat işləri həyata keçirəcək. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) rəsmi saytında məlumat verilir.
“SOCAR Fugro” MMC tədqiqat işlərini “SOCAR Foster Viler Mühəndis Xidmətləri” MMC (SFV) və layihə üzrə PMC şirkət olan “Fluor”un sifarişi ilə həyata keçirəcək.
Çərşənbə günü H.Əliyev adına NEZ və “SOCAR Fugro” MMC arasında xidmətlər haqqında müqavilə və müvafiq satınalma sifarişi imzalanıb
“SOCAR Fugro” tədqiqat işlərini SOCAR-ın Geologiya və Geofizika İdarəsi ilə birgə həyata keçirəcək.
İmzalanmış müqavilə çərçivəsində ikinci dərəcəli Geodeziya Nişanlarının təsis edilməsi, NEZ-in bir sıra ərazilərinin, o cümlədən qonşu ərazilərin infrastrukturlarının, bütün mövcud texniki qurğuların (İlkin emal, Katalitik Krekinq, Katalitik Riforminq, Tədrici Kokslaşma və s.) ərazisinin, boru və kabel xətlərinin, NEZ-in gələcəkdə yeni qurğular üçün istifadə ediləcək boş sahələrinin tədqiq edilməsi, yekun olaraq hesabat və müvafiq xəritələrin hazırlanması nəzərdə tutulur.
Bundan başqa, “SOCAR Fugro” yekun hesabat və müvafiq xəritələr hazırlayacaq. İşlərin sonunda hazırlanacaq məlumatlar müvafiq layihəçi şirkətə təqdim olunacaq, həmçinin növbəti mərhələdə - torpaq tədqiqat işlərində istifadə ediləcək.
Daha əvvəl R.Abdullayevə istinadən məlumat verilib ki, 2015-ci ilin sonunda SOCAR BNEZ-in yenidən qurulması və modernləşməsi üzrə işlərə başlamağı və 2018-ci ilin sonunda bitirməyi planlaşdırır. Bu, zavodda "Euro-5" standartına cavab verən daha yüksək keyfiyyətli benzin və dizel yanacağının istehsalını həyata keçirməyə və 2030-cu ilin ortalarına qədər ölkənin bu yanacaq növlərinə olan tələbatını ödəməyə imkan verəcək.
Xəbər verildiyi kimi, BNEZ-in yenidən qurulması və modernləşdirilməsi layihəsinə neftin ilkin emalı üzrə qurğunun gücünün illik 6 mln. tondan 7,6 mln. tona qədər, katalitik krekinq qurğusunun gücünün illik 2 mln. tondan 2,5 mln. tona qədər artırılması daxildir.
Heydər Əliyev adına BNEZ-də yenidənqurma və modernləşmə nəticəsində avtomobil benzininin illik istehsal həcmi 1,3 mln. tondan 2,2 mln. tona qədər, dizel yanacağının istehsal həcmi 2.3 mln. tondan 2,9 mln. tona qədər, təyyarə yanacağının istehsal həcmi 700 min tondan 1 mln. tona qədər artacaq.