Noyabr ayından «Azəriqaz» müştəri xidmətləri də Gəncə “ASAN xidmət” Mərkəzində fəaliyyətə başlayıb. bu barədə İnterfax-Azərbaycan agentliyinin regional bürosu xəbər verir.
«Ötən qısa vaxt ərzində artıq mərkəzə 100-ə yaxın abonent müraciət edib. Gün ərzində 10-a yaxın vətəndaşı qəbul edirik. Ümumiyyətlə vətəndaşların müraciətləri günü-gündən artır» – deyə "Azəriqaz" İB-nin mühəndisi Aynur Dəryagir bildirib.
Gəncə «ASAN xidmət» Mərkəzində vətəndaşlara «Azəriqaz» İstehsalat Birliyinin 9 xidməti göstərilir. Xitmətlərdən yalnız biri - itirilmiş smart kartın bərpası üçün 5 AZN dəyərində dövlət rüsumu tələb olunur. Digər xidmətlər isə ödənişsizdir.
«İtirilmiş smart kartın bərpası və smart kart tipli sayğaclarla bağlı məlumatların alınması, məcburi köçkün abonentlərə limitlərin verilməsi kimi müraciətlər daha çox üstünlük təşkil edir»,– deyə Aynur Dəryagir sözlərinə əlavə edib.
Fərid Mehdiyev