2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın valyuta bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1,8 dəfə artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında dərc edilmiş 2015-ci ilin 9 ayı üzrə Pul siyasəti icmalında deyilir.
“Valyuta bazarında əməliyyatların 91%-i ABŞ dolları, qalan 9%-i isə avro ilə aparılıb”, - deyə icmalda bildirilir.
AMB-nin məlumatına görə, hesabat yarımilliyində ABŞ dolları ilə aparılan valyuta əməliyyatlarının dövriyyəsinin həcmi $54,085 mlrd. (artım 1,8 dəfə), avro ilə əməliyyatların həcmi 5,04 mlrd. avro (artım 2,1 dəfə) təşkil edib. Bununla belə, 2015-ci ilin üçüncü rübündə ABŞ dolları ilə əməliyyatların həcmi $16,091 mlrd, avro ilə 1,561 mlrd. avro təşkil edib.
İcmala əsasən, 2015-ci ilin 9 ayı ərzində banklar əhaliyə xarici valyuta satışının həcmini 61,7% artırıblar. AMB xarici valyutaya artan tələbatı nəzərə alaraq, fevralın 21-də manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
“Hesabat dövründə 6 ay ərzində AMB valyuta satışı, 3 ay ərzində valyuta alışı üzrə əməliyyatlar həyata keçirib”, - deyə icmalda vurğulanır.
A.Əzizov