Azərbaycan Hökuməti radikal yönümlü dini dairələrin ölkədə icttimai siyasi sabitliyi pozmaq cəhdlərinin qarşısını uğurla alır. Bunu jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov söyləyib.
“Bu günə qədər ölkəmizdə belə faktların qarşısı alınıb, bundan sonra da alınacaq.Təəssüf ki, bir sıra dövlətlər və ölkə daxilində fəaliyyət göstərən bəzi təşkilatlar Azərbaycanda mövcud olan tolerantlıq və ictimai siyasi sabitliyə qısqanclıqla yanaşırlar.
Onun sözlərinə görə, Azərbaycan müxtəlif dini icmaların azad fəaliyyət göstrdiyi tolerant dövlətdir.
“Lakin biz istənilən halda radikalizmə qarşı çıxış edirik. Azərbaycanda dini ənənələr vardır və ölkəmizdəki dindarlar bu ənənələrə sadiqdirlər”,- deyə Z.Əsgərov qeyd edib.
O həmçinin bildirib ki, din adı altında radikal addımlar atanlar cəzalandırılacaq.
“Azərbaycan dövləti heç kimə ölkədə ictimai -asayişi və sabitliyi pozmağa icazə verməz. Təəssüf ki, bəzi vətəndaşlar dini təhsil və ya digər dini adlar altında xaricə gedirlər , orda onlara dindən başqa hər şey öyrədilir.Bunun nəticəsində ölkə ictimaiyyətini çox narahat edən radikal elementlər meydana çıxır. Lakin hesab edirəm ki, bununla bağlı heç bir narahatlığa əsas yoxdur”,- deyə Z. Əsgərov qeyd edib.
Milli Məclisin spikeri jurnalistlərin sualına cavab verərkən söyləyib ki, Azərbaycanda insan haqlarının təmin edilməsi ilə bağlı heç bir problem yoxdur. “ Bizim ölkədə siyasi məhbus anlayışı yoxdur, bununla əlaqədar olaraq heç kim həbs edilməyib və siyasi dustaq yoxdur. Konkret ittihamlarla saxlanılan və cinayət məsuliyyətinə cəlb edilən şəxslər var. Bu şəxslər barəsində qərar məhkəmə instansiyaları tərəfindən veriləcək”,- deyə Z.Əsgərov qeyd edib.
R.Babayev