Cari ilin oktyabr ayında ölkəmizdə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4535 ailə və ya 4%-ə yaxın azalaraq 112, 385 minə enib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Həmçinin bu yardımla təmin olunan ailələrdəki ailə üzvlərinin sayı 486,078 nəfər olmaqla, 5,1 faiz (26268 nəfər) azalıb.
Belə ki, 1 noyabr 2015-ci il tarixə olan statistikaya əsasən, hər ailəyə ödənilən ünvanlı dövlət sosial yardımlarının orta aylıq məbləği isə ötən ilin oktyabr ayı ilə müqayisədə 17%-dək artaraq, 153,63 manata çatıb.
Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrdəki ailə üzvlərinin 47,5 %-ni, yəni 231,179 min nəfərini 18 yaşadək olan ailə üzvləri təşkil edir. Ünvanlı dövlət sosial yardımı proqramının əhatə etdiyi ailələrin 28,2 %-i və ya 31,727 mini tərkibində üç və daha çox uşağı olan ailələrdir.
R.Babayev