2015-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixrac həcmi $1 mlrd. 179 mln. təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin saytında məlumat verilir.
Yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi $19 mlrd. 467,6 mln., ixracın həcmi isə $12 mlrd. 889,1 mln. təşkil edib. $1 mlrd. 179 mln. qeyri-neft məhsullarının ixracının payına düşüb, artım 6 %, xüsusi çəki ixracın ümumi həcminin 9,15%-ni təşkil edib.
Yanvar-sentyabr aylarının yekunları üzrə xarici ticarətdə müsbət saldo $6 mlrd. 310,6 mln. təşkil edib.
Statistik məlumatlara əsasən, 2015-ci ilin 9 ayı ərzində Azərbaycanın rezidentləri 148 ölkədən olan hüquqi və fiziki şəxslərlə ticarət əməliyyatları həyata keçiriblər. 97 ölkəyə əmtəə ixrac, 135 ölkədən isə idxal olunub.
A. Əzizov