2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq nominal əmək haqqı 461,1 manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,4 % çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bununla belə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Statistik məlumatlara əsasən, 2015-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1506,3 min nəfər təşkil edib. Onlardan 877,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 629,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
Bununla belə, muzdla işləyənlərin 22,2%-i təhsil, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1%-i sənaye, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i tikinti, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i informasiya və rabitə, 17,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
R.Babayev