Azərbaycan Tələbələr Birliyinin 10-17 noyabr 2015-ci il tarixlərində elan etdiyi “Tələbə Həftəsi” çərçivəsində daha bir tədbir Bakı Ali Neft Məktəbində təşkil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirdə BANM-nin Ümumi işlər üzrə prorektoru Rəşad Həsənov, Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov, Gənclər və İdman Nazirliyinin yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev iştirak ediblər.
R.Həsənov Ali Məktəbin fəaliyyətindən, tələbələrin sosial aktivliyindən söz açıb, bu cür tədbirlərin tələbələrin ictimai həyata inteqrasiyasında çox böyük rol oynadığını qeyd edib.
Ali Məktəbdə tələbələrə yaradılan şəraiti də qeyd edən R.Həsənov bildirib ki, burada ali təhsilin keyfiyyətli təşkili əsasında tələbələrə hər cür imkanlar yaradılıb.
E.Aslanov bildirib ki, BANM ölkədə nümunəvi ali təhsil müəssisəsinə çevrilməklə yanaşı müəyyən məsələlərdə innovativ yanaşmaları ilə ölkənin təhsil sistemində yeni bir yol açıb. O, Azərbaycan Tələbələr Birliyinin fəaliyyəti və “Tələbə Həftəsi” barədə geniş məlumat verərək bu tədbirin 17 noyabr “Beynəlxalq Tələbə günü” ilə əlaqədar olaraq keçirildiyini vurğulayıb.
“Siz burada yüksək mühəndislik təhsili alırsınız, gələcəkdə ölkəmizdə və ölkəmizdən kənarda ən məşhur neft-qaz şirkətlərində çalışacaqsınız. Məhz o cür beynəlxalq şirkətlərdə çalışan zaman öz xarici həmkarlarınıza ölkəmizi yaxşı mənada tanıtmalısınız”, - deyə o qeyd edib. Onun sözlərinə görə, məhz buna görə də artıq indidən tələbələr təhsil ilə yanaşı, ölkənin ictimai-siyasi həyatı ilə yaxından tanış olmalıdırlar.
N.Mehdiyev ölkəmizdə həyata keçirilən gənclər siyasətinin mahiyyətindən danışıb, bu sahədə tələbələrə göstərilən diqqətin önəmini vurğulayıb. O bildirib ki, belə görüşlərin çox böyük faydası var.
Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsindən söz açan N. Mehdiyev, həmçinin, koordinatoru olduğu "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin fəaliyyətindən danışmış, tələbələri Mərkəzin həyata keçirdiyi layihələrdə aktiv iştirak etməyə və Mərkəzin hazırladığı müxtəlif məhsulların dünya ictimaiyyətinə çatdırılmasında köməklik göstərməyə çağırıb.
A.Zeydullayeva