Samux rayonun Gürcüstanla həmsərhəd olan Eldar zonasında qarlı hava şəraitində avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün yerli Yol İstismar İdarəsi qabaqlayıcı tədbirlər həyata keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Mövsümlə əlaqədər 15 ton duz, 500 kubmetr qum, eləcə də 3000 litr dizel və 300 litr benzin tədarük olunub. Maşın və mexanizmlər saz vəziyyətə gətirilib” – deyə 30 saylı Yol İstismar İdarəsinin rəisi Zakir Quliyev bildirib.
Görülən işlər yollarda yarana biləcək fəsadların dərhal aradan qaldırılmasına şərait yaradacaq.
“Eyni zamanda idarənin xidmət etdiyi Yenikənd-Poylu-Burunqovaq avtomobil yolunda yol kənarlarına duz qarşıq qum toplanıb. Mövsümlə əlaqədər 2 avtoqreder və 4 yüküözü boşaldan avtomobil təmir edilib. Bundan başqa idarənin işçiləri isti geyimlərlə təmin olunub” – deyə idarə rəisi qeyd edib.
F.Mehdiyev