Noyabrın 15-dən Gəncə şəhərinə verilən təbii qazın və elektrik enerjisinin həcmi artırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Gəncə Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, noyabrın 15-ə kimi şəhərə sutkalıq 200 min kub metr təbii qaz verilirdisə, hazırda bu rəqəm 700 min kub metrə çatdırılıb.
“Məhsəti qəsəbəsinə verilən mavi yanacağın yaxşılaşdırılması istiqamətində də işlər aparır. Ötən il podratçı şirkət tərəfindən çəkilən ana xəttlərdə sınaq işləri aparılır və mövcud problemlər aradan qaldırır. Qazın lazım olan həcmdə və təhlükəsiz olaraq 74 min abonentə çatırılmasına tam hazırıq", – deyə Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Azər Bayramov bildirib.
Gəncədə 86 min 329 əhali və qeyri əhali qrupunu elektrik enerjisi ilə təmin edən “Azərişıq” ASC-nın Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi də qış mövsümünə hazırdır. Baş verə biləcək qəza hallarının vaxtında aradan qaldırılması üçün idarədə 24 saatlıq qəza xidməti də yaradılıb. Noyabr ayının 15-ə qədər şəhərdə gündəlik 900 min kilovat saata yaxın elektrik enerjisi istehlak edilirdisə, hazırda bu rəqəm 1 milyon 300 min kilovata qədər artırılıb.