2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda sahibkarlar Vergilər Nazirliyinə 77 min müraciət ünvanlayıblar. Bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov məlumat verib.
“Həmin müraciətlərin əksəriyyəti məlumatlandırma xarakteri daşıyıb, 2,686 min şikayət olub. Bu şikayətlərə baxılıb, təqsirli vəzifəli şəxslər cəzalandırılıblar”, - deyə N.Əmirov qeyd edib.
O məlumat verib ki, hesabat dövrü ərzində vergi orqanlarının 642 əməkdaşa qarşı müxtəlif cəza növləri tətbiq edilib, həmçinin onlardan 9 nəfər işdən azad olunub.
“Təkrar şikayətlər üzrə Vergi Apellyasiya Şurasına 23 müraciət daxil olub, onların yalnız 8-i vergi orqanlarının xeyrinə həll olunub”, - deyə N.Əmirov qeyd edib.
O vurğulayıb ki, 10 ay ərzində Azərbaycanda sahibkarlar 362 mln. manat məbləğində əlavə edilən vergi borcuna dair şikayət vermək məqsədilə məhkəmə orqanlarına tələblər ünvanlayıblar. “Məhkəmələrin qərarlarına əsasən, vergi ödəyicilərinin xeyrinə 37 mln. manat məbləğində qərarlar qəbul olunub. Bütövlükdə, bu cür tələblərin təxmnən 90%-i vergi orqanlarının xeyrinə həll olunub”, - deyə o əlavə edib.
A.Axundov