Gənclər və idman naziri Azad Rəhimov 19-21 noyabr tarixlərində Çexiyanın Praqa şəhərində Avropa Olimpiya Komitəsinin 44- cü Baş Assambleyası və İcraiyyə Komitəsinin iclaslarında iştirak edəcək. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilir.
A.Rəhimov Assambleyada cari ilin iyun ayında Birinci Avropa Oyunlarının yekunları ilə bağlı hesabat verəcək.
Assamableyada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki, Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) prezidenti Şeyx Əhməd əl-Fahad əl-Sabah iştirak edəcəklər.
Assambleyanın iclasları zamanı Rio de Janeiro, Tokio Yay Olimpiya Oyunları və Pyonçanq Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat xarakterli çıxışları olacaq.
Həmçinin Praqada II Avropa Oyunlarının keçirilməsi ilə bağlı müzakirələr, yeniyetmələr arasında 2018-ci il Buenos Ayres yay və 2016-cı il Lillehammer qış Olimpiya Oyunlarına hazırlıq işləri i ilə bağlı müzakirələr keçiriləcək.
Tədbir zamanı Rio-2016 yay Olimpiya Oyunları Təşkilat Komitəsinin nümayəndələri ilə Azərbaycan nümayəndə heyətinin oyunlarda iştirakıyla bağlı məsələlərin müzakirəsi planlaşdırılır.
R.Babayev