Naxçıvan Avtomobil Zavodunda daha 95 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-LİFAN” markalı minik avtomobilləri verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Onlardan 47 nəfəri Qarabağ müharibəsi, 15 nəfəri Böyük Vətən müharibəsi, 1 nəfəri 20 Yanvar, 10 nəfəri Çernobıl AES əlili, 22 nəfəri isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır.
“Son üç ay ərzində artıq 400 nəfər imtiyazlı şəxsə nazirlik tərəfindən minik avtomobili verilib”, - deyə avtomobillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib.
Nazir müavini qeyd edib ki, indiyə qədər dövlət tərəfindən avtomobil verilmiş 5750 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxs minik avtomobili ilə təmin edilib.
“Onlardan 33,6%-i və ya 1933 nəfəri ötən il və cari ilin ötən dövründə avtomobillə təmin edilib”, - deyə İ.Rəhimov qeyd edib.
R.Babayev