2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 20 mlrd. 393,1 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 10 mlrd. 168,3 mln. manatlıq ərzaq (2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 10%), 10 mlrd. 224,8 mln. manatlıq qeyri-ərzaq malları (artım 13,4%) alıb.
2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinə 5 mlrd. 778,9 mln. manat məbləğində xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,8% çoxdur. Bununla yanaşı, bütün xidmətlərin 73,6%-i və ya 4 mlrd. 252,5 mln. manatlıq (artım 4,3%) xidmət hüquqi şəxslər tərəfindən göstərilib.
N.Abbasova