Azərbaycan və ABŞ arasında qeyri-neft sektoruna investisiya qoyuluşu, sənaye, əczaçılıq, kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev belə hesab edir.
Nazirliyin məlumatında qeyd olunur ki, Ş.Mustafayev bu barədə ABŞ-ın Ticarət Departamentinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli ilə Bakıda keçirilən görüşdə bəyan edib.
Nazirin sözlərinə görə, Azərbaycan və ABŞ arasında əlaqələr genişlənir, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, eləcə də enerji, logistika, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlıq uğurla davam etdirilir.
Ş.Mustafayev qeyd edib ki, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün lazımi hüquqi baza mövcuddur.
Nazirin sözlərinə görə, Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir, bu ilin 9 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 5% artıb. “İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına $10 mlrd. investisiya qoyulub”, - deyə Ş.Mustafayev bildirib.
M.Lalli Azərbaycanda sahibkarlığın inkişafı sahəsində atılan son addımların ABŞ-da da müsbət qarşılandığını diqqətə çatdırıb. ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan sahibkarlığın inkişafı sahəsində ABŞ-ın Bakıya dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Bundan başqa, M.Lalli vergilıər nazirinin birinci müavini Natiq Əmirov ilə görüş keçirib. Vergilər Nazirliyinin məlumatında qeyd olunur ki, görüş zamanı vergi sahəsində əməkdaşlığın genişlənməsi imkanları müzakirə olunacaq.
A.Axundov