Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brinkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə ABŞ-la energetika və regional təhlükəsizlik sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını bildirib.Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Prezident Bakı və Vaşinqton arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq aparıldığını qeyd edib.
Dövlət başçısı G20-nin Antalya toplantısında ABŞ Prezidenti Barak Obama ilə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardıqları zaman ABŞ Prezidentinin 10 il bundan əvvəl senator kimi Azərbaycana səfərini xatırladığını məmnunluqla qeyd edib.
Bridcet Brink prezident İlham Əliyevlə görüşmək imkanı əldə etmələrini yüksək dəyərləndirib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Azərbaycanla ABŞ arasında əlaqələrin enerji, iqtisadi şaxələndirmə, ticarət, təhsil, kənd təsərrüfatı, birgə layihələr, terrorizmə qarşı mübarizə, insan haqları və demokratiya və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
R. Babayev