2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda baş vermiş yol nəqliyyat hadisələri nəticəsində yol təsərrüfatına 432 min 533,337 manat məbləğində ziyan dəyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azeryolservis” ASC-dən məlumat verib.
“Azeryolservis” ASC-dən verilən məlumata görə 2015-ci ilin 10 ayı ərzində 245 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə dövlət büdcəsi hesabına qoyulmuş 450,1 metr uzunluğunda təhlükəszilik divarı, bir işıq dirəyi, bir metal informasiya lövhəsi və dörd yol nişanı yararsız vəziyyətə düşüb.
“Beləliklə, dövlət büdcəsinə 432 min 533,37 manat məbləğində ziyan dəyib”,- deyə ASC-dən bildirilib.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə icbari sığorta polisi olan şəxslər tərəfindən törədilmiş 126 yol qəzasında yol təsərrüfatına dəymiş ziyanı sığorta şirkətləri ödəyəcəklər. Onlara müvafiq bildiriş göndərilib.
Sözügedən sığorta polisi olmayan şəxslər tərəfindən törədilmiş yol qəzalarında ziyanın ödənilməsi məhkəmə instansiyaları tərəfindən təmin ediləcək.
69 yol qəzasına görə Bakı Baş Polis İdarəsinə qəzanı törədənlərin tapılması xahişi ilə yazılı müraciətlər göndərilib.
N.Abbasova