“VTB Bank (Azerbaijan)” Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə ipoteka kreditlərinin verilməsinə başlayıb. Bu barədə bankdan məlumat verilib.
2015-ci ilin noyabrından “Bank VTB (Azerbaijan)” dövlət ipoteka fondunun müvəkkil-banklar siyahısına daxil olub. AİF tərəfindən 2015-ci ilin sonuna qədər bank VTB (Azerbaijan) üçün limit müəyyənləşdirilib.
“Dövlət ipoteka proqramı orta gəliri olan bir çox ailəyə yaşayış şəraitini yaxşılaşdırmağa imkan verir. İndi bizim bank da AİF standartlarına uyğun ipoteka krediti xidməti göstərə biləcək. Biz həmçinin AİF “Elektron ipoteka” sisteminə də qoşulmuşuq. Bu da vətəndaşların ipoteka almaq üçün banka müraciət prosedurlarını asanlaşdırır”, - deyə məlumatda bankın İdarə heyətinin üzvü Tural Vəliyevin sözlərindən sitat gətirilir.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.
Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 30 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
Azərbaycan Mərkəzi Bankı 2008-ci ilin noyabr ayında Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
A.Əzizov