Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink ilə görüş zamanı ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün mövcud imkanların qiymətləndirilməsinin vacibliyini qeyd etdi. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
Məlumatda qeyd olunduğu kimi, nazir ABŞ ilə əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında bütün məsələlərin dialoq və qarşılıqlı etimad şəraitində müzakirəsinin səmərəli olacağını vurğuladı.
Nazir iki ölkə arasında enerji sahəsində bir sıra irimiqyaslı layihələrin reallaşdırılması təcrübəsinin hazırda gündəmdə olan digər enerji layihələrinin uğurla tamamlanmasına töhfə verəcəyini bildirdi. E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə ABŞ tərəfindən münaqişənin həlli istiqamətində səylərin artırılmasının vacibliyini diqqətə çəkdi.
Öz növbəsində, B.Brink Vaşinqtonun Bakı ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini və əməkdaşlığın inkişaf etdirilməsinə hazırlığını vurğuladı.
Həmin gün B.Brink xarici işlər nazirinin müavini Xələf Xələfovla da görüşüb. Azərbaycanın ABŞ-ın regionda etibarlı tərəfdaşı olduğunu bildirən nazir müavini siyasi, təhlükəsizlik, iqtisadi, investisiya qoyuluşu, mədəniyyət, təhsil və humanitar sahələrdə, enerji layihələrinin həyata keçirilməsində birgə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu qeyd etdi. X.Xələfov həmçinin bu yaxınlarda keçirilmiş Azərbaycan-ABŞ işgüzar görüşünə qatılmış ABŞ şirkətlərinin qeyri-neft sektoruna sərmayə qoyuluşunda maraqlı olmasını vurğuladı. Bu işgüzar görüşün sərmayə qoyuluşunun və ticarət dövriyyəsinin artmasına töhfə verəcəyini qeyd etdi.