Noyabrın 1-də keçirilmiş parlament seçkiləri qanunvericiliyə uyğun olaraq bütün namizədlər üçün bərabər şəraitdə keçirilib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.
“Parlament seçkiləri Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun şəkildə keçirilib”,- deyə M.Pənahov Konstitusiya Məhkəməsinin Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına həsr edilmiş iclasında çıxışı zamanı bildirib.
MSK sədri seçicilərin siyahısının hazırlanması ilə bağlı hər hansı çatışmazlığın qeydə alınmadığını söyləyib.
“Ümumilikdə seçkidə 15 siyasi partiya və 7 partiyanın bir araya gəldiyi “Azadlıq-2015” siyasi partiyalar bloku iştirak edib”,- deyən M.Pənahov əlavə edib ki, ölkədəki bütün siyasi qüvvələrə seçkilərdə iştirak etmək üçün bərabər şərait yaradılıb.
Onun sözlərinə görə, seçki bülletenlərinə 767 namizədin adı daxil edilib.
MSK sədri bildirib ki, seçicilərin fəallığı 55,54 % olub. Başqa sözlə, seçici siyahılarına daxil edilmiş 5 milyon 211 min 765 seçicidən 2 milyon 894 min 515 seçici səsvermədə iştirak edib.
“Parlament seçkilər tam şəffaf keçirilib.
“Seçkiləri 40 beynəlxalq təşkilatdan 57 ölkənin vətəndaşı olan 503 beynəlxalq müşahidəçi, 27 beynəlxalq KİV-dən 42 nəfər, 66 minə yaxın yerli müşahidəçi izləyib. Eyni zamanda 1000 məntəqədə quraşdırılmış veb-kameralar seçkilərin şəffaf keçirilməsini təmin edib “,- deyə M. Pənahov bildirib.
R.Babayev