“PAŞA Bank” Azərbaycan, Gürcüstan və Türkiyədə xarici investorların iştirakı ilə layihələri kreditləşdirməyə hazırdır. Bu barədə bankdan məlumat verilir.
Məlumatda vurğulanır ki, bankın rəhbərliyi 18-20 noyabr tarixlərində Bakıda ABŞ Ticarət missiyasının keçirdiyi işgüzar görüşlərdə iştirak edib.
“PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımovun rəyinə görə, Azərbaycan-ABŞ ikitərəfli ticari əməkdaşlığının genişlənməsi üçün böyük potensiaL mövcuddur və bu səfər Amerika şirkətlərinə Azərbaycan bazarını öyrənmək üçün yaxşı imkan yaradıb.
“PAŞA Bank” əcnəbi iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərini müsbət qiymətləndirir. Bu səfər işgüzar əlaqələrin qurulması, xarici iqtisadi fəaliyyətin, ölkəyə cəlb olunan investisiyaların həcminin artmasına səbəb olacaq. Öz növbəsində, “PAŞA Bank” işgüzar münasibətlərin inkişafına töhfə verməyə hazırdır və regional investisiya bankı mövqeyindən çıxış edərək, naliyyə xidmətlərinə tələbatı ödəməyə və nəinki yerli, həm də Türkiyə və Gürcüstanın bazarlarında fəaliyyətdə maraqlı olan iş adamları üçün peşəkar məsləhətləşmələr aparmağa hazırdır”, - deyə məlumatda T.Kazımovun sözlərindən sitat gətirilir.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və Azərbaycanın 5 aparıcı bankından biridir. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.
A.Əzizov