Milli Məclisin deputatları Səməd Seyidov, Sahibə Qafarova, Elxan Süleymanov Bolqarıstanın paytaxtında AŞPA-nın strukturlarının iclaslarında iştirak edəcəklər. Bu barədə parlamentin mətbuat xidməti məlumat verir.
Bu məqsədlə deputatlar Sofiya şəhərinə səfər edəcəklər.
S.Seyidov öncə Avropa Mühafizəkarları Siyasi Qrupunun prezidenti qismində AŞPA-nın Prezidentlər komitəsinin iclasında iştirak edəcək, sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi qurumun Büro iclasına qatılacaq.
Həm Büro, həm də Daimi komitənin iclasını AŞ PA-nın sədri Ann Brassör açacaq. İclaslarda cari məsələlər müzakirə olunacaq, qurumun 2016-cı il yanvar sessiyasının gündəliyinə baxılacaq. Bu payız Qırğızıstan, Azərbaycan və Türkiyədə keçirilmiş parlament, Belarusda prezident, Ukraynada yerli seçkilərə dair AŞPA-nın seçki missiyalarının rəyləri dinləniləcək.
Büroda həmçinin konstitusiya islahatları ilə əlaqədar dekabrın 6-da Ermənistanda keçiriləcək referendumla bağlı müzakirə aparılacaq.
Daimi komitədə isə Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin məruzəçisi Sahibə Qafarovanın “Qadınlara qarşı zorakılıqla mübarizədə ən uğurlu təcrübələrin təşviqi” mövzusunda məruzəsi müzakirə olunacaq.
Azərbaycanlı deputatların Sofiyaya səfəri noyabrın 28-dək davam edəcək.
R.Babayev