Türkiyənin “F-16” qırıcı təyyarəsi ilə Suriyanın Latakiya şəhəri yaxınlığında Rusiyaya məxsus “Su-24” bombardmançı təyyarənin vurulması ilə bağlı insident Azərbaycan üçün Ermənistanın hərbi potensialının gücləndirilməsi kimi mənfi nətəcələrə səbəb ola bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə politoloq Fikrət Sadıxov bəyan edib.
“İndi bir sıra ekspertlər Ermənistanın hərbi potensialının mümkün gücləndirilməsi barədə bəyan edirlər. Yəni, Türkiyə tərəfindən təhlükələrdən mühafizə olunmaq pərdəsi altında Ermənistanda hərbi bazalara zenit-raket kompleksləri yerləşdirilə bilər”, - deyə F.Sadıxov bildirib.
Politoloqun rəyinə görə, belə olacağı halda Bakı adekvat reaksiya verməlidir.
“Bu mənfi amildir. Əgər bu baş verərsə, biz adekvat reaksiya verməliyik. Prinsip etibarilə, bu şərait regionun təhlükəsizliyinə mənfi təsir edə bilər. Azərbaycan üçün çox çətin olacaq. Türkiyə bizim üçün müttəfiq, qardaş dövlətdir, Rusiya ilə strateji tərəfdaşıq. Bu regional təhlükəsizlik ilə əlaqədar bir sıra məsələlərin həllini çətinləşdirir”, - deyə o vurğulayıb.
Həmçinin F.Sadıxov qeyd edib ki, Rusiya tərəfindən kürd üsyançı hərəkatının dəstəklənməsi də həyata keçirilə bilər. “Rusiyanın onları hərbi-texniki sahədə gücləndirərək, siyasi səviyyədə dəstəkləyəcəyi də istisna olunmur”, - deyə o bildirib.
Bununla yanaşı, F.Sadıxov Türkiyə ilə Rusiya arasında genişmiqyaslı müharibə və ya münaqişənin başlanmasını istisna etmir. “Lakin, vəziyyət kifayət qədər gərgindir və müəyyən dövr üçün belə də qalacaq”.
Onun sözlərinə görə, Türkiyə və Rusiya arasında mövcud enerji və digər layihələr dondurulacaq.
“Türk axını” onsuz da sual altında idi. İndi isə, onun barəsində yəqin ki, sadəcə unudacaqlar”, - deyə o qeyd edib.
Bununla əlaqədar F.Sadıxov bir fərziyyə kimi, Azərbaycanın Ankara ilə Moskva arasında vasitəçi rolunu oynaya biləcəyini istisma etməyib.
“Azərbaycanın üzərinə bu rolu götürməsi üçün hər iki tərəfin razılığı lazımdır”, - deyə o vurğulayıb.
F.İsazadə