Bu ilin ötən dövründə artıq 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Nazirlik daha 6 yeni fərdi yaşayış evini Quba rayonunda bu təbəqədən olan insanlara təqdim edib.
Evlərin istifadəyə verilməsi tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, əlil ictimai təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bildirilib ki, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər rayonunda 54 mənzilli yaşayış evi, ayrı-ayrı rayonlarda (Qusar, Ağcabədi, Ağdam, Yevlax, Bərdə, Zərdab, Goranboy, Quba) ümumilikdə 62 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Beləliklə, bu ilin ötən dövründə artıq 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda isə həmin insanlar üçün ölkəmizin bölgələrində fərdi yaşayış evlərinin, Bakı şəhərində, İmişli, Beyləqan, Şamaxı rayonlarında çoxmənzilli yaşayış evlərinin inşası, şəhər yerlərində hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilir.
2014-2018-ci illərdə 2014-cü il yanvarın 1-nə qədər növbəyə durmuş 5731 əlil və şəhid ailəsi üçün mənzillərin, həmçinin ölkənin 52 rayonunda 375 özəl evin tikilməsi nəzərdə tutulub.
R.Babayev