Rusiya kənd təsərrüfatı naziri Aleksandr Tkaçyov hesab edir ki, Rusiya Türkiyə ilə münasibətləri “donduracağı” halda bu ölkədən meyvə-tərəvəz idxalını digər ölkələrdən tədarüklə əvəz edə bilər.
“Biz tərəvəz, ilk növbədə pomidor idxalını digər ölkələrdən, xüsusilə İran, Mərakeş, İsrail, Azərbaycan, Özbəkistandan tədarüklə əvəz edəcəyik”, - deyə A.Tkaçyov çərşənbə günü “Rossiya 1” telekanalının efirində bildirib.
Sitrus bitkilərin idxalı Cənubi Afrika Respublikası, Mərakeş, Çin, Argentina, Abxaziya və digər ölkələrdən tədarüklə əvəz oluna bilər.
Türkiyə Rusiyaya 360 min tondan artıq tomat tədarük edir. Rusiyaya tərəvəz tədarükünün ümumi həcminin 20%-i Türkiyə tərəvəzinin payına düşür.
Sitrus bitkilərin tədarükü 250 min ton təşkil edir.
2014-cü ildə Türkiyədən bütöv idxalın həcmi ərzaq idxalının ümumi həcminin 4%-ni təşkil edib.
Türkiyə müəssisələrinin birinin məhsullarında Listeria bakteriyasının aşkar olunması ilə əlaqədar “Rosselxoznadzor”un 1 dekabr tarixindən bu müəssisədən quş ətinin tədarükünə qadağa qoyulmasına dair qərarını şərh edən A.Tkaçyov bəyan edib ki, Xidmətin daxili bazarı təhlükəli məhsuldan qoruması adi təcrübədir.
“Biz gələcəkdə də ekoloji təmiz məhsullar üçün bazarı keyfiyyətsiz məhsullardan təmizləyəcəyik”, - deyə o bildirib.
Bununla belə, o vurğulayıb ki, söhbət 20 min tondan çox olmayan həcmdə məhsul tədarük edən müəssisədən gedir.